Bakıdan məktub: Onlar
Azərbaycandan olan Oxucu tərəfindən
Allergiya
“Mənim Onlara qarşı allergiyam var. Mən Onlarla heç vaxt söhbət etməmişəm. Heç etmərəm də!” QHT-də insan hüquqları müdafiəçisi kimi çalışan dostum bir dəfə fəxrlə dedi.
İkiüzlü
“Mən insan həyatını qurtarmaq üçün canımdan keçərəm. Amma Onları ağrı-acıda görsəm heç kirpiyimi tərpətmərəm”, Hipokrat andı içən və bəşəriyyətə qulluq etməyə söz vermiş məni müalicə edən həkim bir dəfə elan etdi.
Zombi
“Onların bizə nə etdiyini həmişə xatırlamalıyıq. Əks halda, biz zombiyə çevrilərik. Biz manqurd olarıq. Yaddaşı olmayan millət ölümə məhkumdur,” deyə tarix müəllimim bir dəfə bağırdı. O kəs ki, həmişə ona heyran olardım, əvvəllər. Sonra o kəs çıxıb getdi, heyran olduqlarımın siyahısından.
Diaqnoz
“Sən getdikcə lap Onlara oxşayırsan. Öz üzərində çalış,” CD-sini qaytarmağa unutduğum kurs yoldaşım bir dəfə mənə dedi.
Risk faktoru
“Sənin Onlarla sıx münasibətin bizi risk altına, hətta nışan altına qoyur”, valideynlərimdən biri mənə söylədi. Və mən evi tərk etdim.
Sinir qutusu
“Onlarla eyni masa arxasında oturduğum zaman hirsimi boğub özümü necə ələ alacağımı düşünə bilmirəm,” mənimlə Facebookda söhbət edən dostum bir dəfə yazdı. O şəxs ki, Gürcüstanda gənclərin regional görüşünə gedirdi. O şəxs ki, haqqında sonradan fikirlərimi dəyişdi.
—
Dostum allergiyası ilə, müəllimim zombilərə savaş elan etməklə, həkimim insan həyatını qurtarmaqla, qrup yoldaşım diaqnoz qoymaqla, valideynim riskləri müəyyən etməklə, Facebookdakı dostum hirsini boğmaqla məşğul olaraq, yəgin ki, daxili dünyalarına çox dərin qapanmışdırlar və özlərini təhlil edib anlamaları üçün vaxt tapa bilmirdilər.
Özümü nə qədər xatırlayıramsa, ətrafımdakı insanlar həmişə belə sözlər deyirdilər. Qulaqlarımın eşitməyə dözə bilmədiyi sözlər. Ağlımın qəbul etməyə imtina etidiyi sözlər. Xoşbəxtlikdən, mənə təsir edə bilməyən sözlər.
Onlar haqqında sözlər. Ermənilər haqqında.
Bütün bu mənfi enerjinin cərayan etdiyi bir vaxtda, irəlidə çox gözəl hadisələr baş verməyə hazırlaşırdı.
Mənim Onlarla şəxsi səyahətim onlayn, Facebookda başladı. Təəccüblü olsa da, biz heç vaxt siyasət və ya münaqişə mövzularına girmirdik. Çünki bunun üçün səbəb yox idi. Bizi ayıran deyil, bizi birləşdirən ortaq mövzular o qədər çox var idi. Həm də vaxtımız çox az idi. Dəyərli vaxtımız. Siyasətçilərin boynumuza qoyduğu məsələlərə sərf etmək istəmədiyimiz vaxtımız.
Bu “onlayn statuslu” dostluqlar sonradan real həyatda görüşlərə çevrildi. Gözəl ölkə Gürcüstanda inanılmaz, unutmayacağım görüşlərə. O an içimdə bir hiss var idi. Bu toplumun arasında Onlarla belə görüşən mən tək deyildim.
Onlarla ünsiyyətdə olduqca sadə həqiqətləri öyrəndim:
Milliyyətçiliyin vətənə sevgisi ilə heç bir əlaqəsi yoxdur. Milliyyətçilik daha çox və yalnız başqa millətlərə nifrət hissi deməkdir.
və
Ermənilər və Azərbaycanlılar arasında oxşar cəhətlər çoxdur. Onlar o qədər çoxdur ki, hətta tez-tez kimin kim olduğunu ayıra bilməzsən.
Belə oxşar cəhətlərin biri mənim üçün hətta əlverişli oldu. Bir gün konfransda tanış olduğum Erməni dostum ilə Tiflisin küçələrində gəzirdim. Birdən gözüm gürcü suvenirinə - şərab içmək üçün buynuza sataşdı. Suvenir satıcısı Erməni idi və məni Ermənilərə oxşadaraq suveniri ikiqat ucuz qiymətə mənə satdı.
Mənə maraqlıdır. Görəsən, Ermənilər və Azərbaycanlılar Gürcüstana getmək üçün gündə nə qədər bilet alırlar. Masa arxasında sülhə qədəh qaldırılaraq neçə litr şərab içirlər. Nə qədər dostluqlar edirlər, nə qədər münasibətlər qururlar.
İndi, bütün bunları ağlıma gətirərək və ətrafımda baş verənləri – iki ölkələrdən olan insanların dost olmasını, görüşməsini, biri-biri ilə paylaşmasını – görüb dərk edərək özümdə bunları söyləmək üçün cəsarət hiss edirəm…
Ölkə başçılarının nə vaxtsa kompromisə gəlmələrini gözləmək məcburiyyətində deyilsən. Onlarla olan və olmasını istədiyin dostluq münasibətini ratifikasiya edəcək Sülh Müqaviləsi sənə lazım deyil. Sülhü bizim kimi insanlar gətirir və edir. “Gələn dəfəyə qədər” gözləmə. Bunu bügün et.
İndi.
Onlara doğru bit addım atmağa çəkinmə. Heç bir “risk faktorunun, diaqnozun və allergiyanın” yoluna çıxmasına imkan vermə. Çünki stereotiplər və divar sındırmaq qədər dana zövqlü bir iş yoxdur.
Ah, Facebookda mənlə söhbət edən sinir qutusu olan dostuma sonra nə olduğunu söyləmədim?
Bir həftə sonra o, iştirak etdiyi regional görüşdən fotoşəkillərini qoydu. Hər növbəti fotoşəkildə dostum var idi, yanında iki gənc insanla, onlar öpüşür, qucaqlaşır və şənlənirdilər. İki gənc insanın Azərbaycanlılara məxsus olmayan adları var idi. Tiqran və Anuş. Onlar. Ermənilər.
Bilirsən mən indi ən çox nə istəyirəm?
Mən viza istəyirəm.
Mən birbaşa uçuş istəyirəm.
Mən ucuz qatar bileti istəyirəm.
Mən poçtla açıqca göndərmək istəyirəm.
Mən zəng vurmaq istəyirəm.
Oraya. Buradan.
Yerevana. Bakıdan.
Bəlkə nə vaxtsa yaxın gələcəkdə bunlar olacaq? Sənin kimi Sülh istəyən və onun üçün bir şeylər edən insanlar var olduqca hər şey mümkündür. Hələlik isə mən məktub göndərirəm. Yerevana Bakıdan. Email ilə, gələn dəfəyə qədər…
- Published:
- 06.16.10 / 6pm by Reader
- Category:
- Armenia, Azerbaijan, Conflict Voices, Nagorno Karabakh, Opinion


No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]